14 Ağustos 2013 Çarşamba

قاراخانلیلار دؤولتی




Güntay Gəncalp
Qaraxanlılar
Dövləti

Qaraxanlı ailəsi, türk kralı Əfrasiyab soyundan gəlir. Bilindiyi kimi türklər Türküstanda bəlli bir yerləri olmayan bir çox qəbilədən meydana gəlmişdir. Bu üzdən Qaraxanlı ailəsinin mənsubu olduğu qəbiləni sınırlandırmaq çətindir. Bəziləri Qaraxanlıların, Tiyan Şan dağının güneyini özlərinə yurd edən, daha sonra da buradan batıya yönələn uyqur türkləri qəbiləsinə mənsub olduqları görüşündədirlər. Bertold, Qaraxanlıların Türküstanda bilinən bu üç türk qəbiləsindən birinə mənsub olduğunu söylər: Bunlar isə; (Yoğma), Kaşqarda yerləşən və uyqur ya da oğuz qəbiləsinə mənsub Yaqma qəbiləsi və ya Ceyhun çayından Çinə qədər uzanan bölgədə məskun olan Çigil, ya da Tıraz şəhərindən doğuya doğru uzanan İslam şəhərləri sınırında yaşayan Qarluq boyudur. Bu qəbilələrə, iki qəbilə daha əlavə edən bir başqa görüş bulunmaqdadır. Bu qəbilələr də türkmən və tavcu qəbilələridir. Bu görüşün sahibi, bütün ehtimalların göz önündə bulundurula biləcəyini qəbul etməkdədir. Bu görüşlərin hamısı doğrudur. Bu üzdən Qaraxanlıların sülaləsi Şaman olan Tavcu ailəsinin bir bölümü sayılan Qarluq xanidanına bağlanmaqdadır. Qarluq qövmi birliyini vücuda gətirən üç qövmün iki ən önəmli ünsürünü Çingil və Yaqma qövmləri təşkil edirdi. Qarluq 744-840 illərində uyqur birliyinə daxil olmuşdur. Eyni zamanda Qaraxanlılar siyasi ism olaraq bir də türkmən adını daşımışlar. Türk tarixçisi Zəki Vəlidi[1] də buna işarət etməkdədir.[2] Qaraxanlı dövləti Orta Asiyada, Doğu və Batı Türküstan bölgələrində qurulmuşdur. Bu dövlət bəzi tarix kitablarında ”Dövləti-Ali-Əfrasiyab” və ”Dövləti-Xani Türküstan” adı ilə tanınır. ”İlkxaniyə” dövləti olaraq ismləndirilər. Qurilər özlərini Zəhhak soyundan bildikləri kimi İlkxanlılar da özlərini Əfrasiyab soyundan bilirdilər. Qaraxanlılara ona görə İlkxanlılar deyilirdi ki, bu silsilənin qurucularının bir neçəsinin adı ilkxan olmuşdur.[3]  Qaraxanlı dönəminə çağdaş olan Kaşqarlı Mahmud isə, ona ”Xaqaniyə” dövləti adını verməkdədir.[4] Qaraxanlı türkləri uyqurların varisi olaraq Kaşqarın güney batısında və batısında məskundular. Isıq gölünün çevrəsi onların vətəni idi. Qaraxanlıların islamiyəti qəbul etmələri ilə o bölgənin durumu çox dəyişdi. İslamlaşma ilə türkləşmə Qaraxanlılarda eyni anlam daşımaqda idi. Qaraxanlılar X əsrin ortalarından XIII əsrin əvvəllərinə qədər Kaşqarda iqtidarda olmuşlar. Bartolda görə Qaraxanlılar oğuzların bir boyu olmuşdur. İslam ədəbiyatında adıkeçən ilk Qaraxanlı sultanı Buğra Xandır. Kaşqarın şahı olan Buğra, ölkəsində yaşayan xalqını İslam qurallarına görə yaşamağa çağırmışdı. Daha sonrakı illərdə görürük ki, ”Tarım”* vahələri, ”Çu” və ”Talas” çölləri onun soyu arasında paylaşılmışdır. Qaraxanlılar müsəlman olsalar da farslara qarşı əski savaş xatirələrini unutmamışdılar. Bu üzdən də Samanilərlə savaşmaqdan vaz keçmirdilər. Başkəndi Balasaqun olan Buğra Xan 992-ci ildə Buxaraya saldırdı. Başkəndi Özkənd olan bir başqa Qaraxanlı padşahı Ərsalan İlk idi. 1013-cü ildə ölən Ərsalan İlk də bu kimi saldırılarda bulunmuşdu. O, 999-cu ildə bir fateh kimi Buxaraya girdi. Samanilərin son padşahı Abdulməlik Sanini əsir yaxalayaraq, Samani ərazilərini öz ölkəsinə qatdı. Ərsalan İlk öz qızını Sultan mahmud Qəznəliyə ərə versə də, aralarındakı anlaşma uzun sürmədi. Möhkəm dövlət qurmuş olan Qaraxablılar Kaşqar ölkəsindən əlavə əski ”Tukyu”, ”İli” və ”Çu” ülkələrini də öz yönətimləri altına aldılar. Qaraxanlılar Qəznəlilərə üstdən aşağı baxır və onları özlərinin əski kölələri kimi görürdülər. Mahmud Qəznəli də öz yönətiminə Əfqanistanı, Xorasanı və Pəncabı əkləmişdi. Hindistanı da yağmaladığı üçün dövlət budcəsi dolu idi. 1006-cı ildə Mahmud Hindistanda ikən Ərsalan İlk, Qəznəli ölkəsinə saldırıb Xorasanı işğal edərək Bəlx və Nişaburu aldı. Sultan Mahmud geri dönüb 1008-ci ildə Ərsalan İlklə savaşa başladı. Onu yenərək ölkəsindən uzaqlaşdırdı. Tamqaç adı ilə ünlü olan Qaraxanlı Börütəkin 1041-1068 illəri arasında Buxarada səltənət etdi. Ancaq 1040-cı ildə başqa böyük hadisə baş verdi. Qəznəlilər ”Dandanaqan” adlı bir yerdə Səlcuqlar tərəfindən yenildilər. Xorasanı fəth edən Səlcuqlar Qəznəliləri Əfqanistana və Hindistana çəkilməyə zorladılar. Səlcuq sultanı Toğrul Bəy bütün İraqi-Əcəmi işğal edərək 1055-ci ildə Bağdada girdi və Bağdad xilafəti tərəfindən Şərqin və Qərbin sultanı olaraq duyuruldu. Səlcuqların Qəznəliləri yenmələri Qaraxanlıların əlini gücləndirmişdi.[5]
Qaraxanlı dövləti ilk türk-İslam dövlətidir. Türklərin İslamı necə qəbul etdikləri haqda günümüzdə təməl olaraq iki fərqli görüş vardır: 1- Xalqın iradəsi tamamən bir kənara buraxılaraq, özəlliklə oğuzlar və Səlcuqlular devrində yönətici sinfin tamamən siyasi səbəblərlə verdiyi bir qərar olmuşdur. 2- Türklərlə İslamiyətin bir-birlərindən ayrılmaz ünsürlər olduğunu iddia edən görüş var. Bu görüşə görə sanki türklər doğuşdan müsəlman olmaq üçün yaradılmışlar. Bu görüşü savunanlar əllərindən gəlsə, müsəlmanlıq daha yer üzünə gəlmədən öncə türkləri müsəlman olaraq göstərmək istərlər.[6] Obyektiv bir baxış açısı ilə, o devirlərdə yaşanan tarixi, sosiolojik və teolojik sürəcin içində nələr olduğu bir bütün olaraq dəyərləndirilmədiyi sürəcə bu məsələ aydınlatılamaz. Türklərin necə müsəlman olduğu sorusuna aranan cavabın əslində iki ayrı yönü bulunmaqdadır. Birincisi yönəticilər açısından, digəri isə, yönətilən xalqın tərcihləri baxımından.[7] Yalnız bunu unutmamaq gərəkir ki, türklük fikrən sünni məzhəbləri içində öz kimliklərini qoruya bilmiş, ancaq ələvi, bəktaşi, qızılbaş, şiə türklər hissən və fikrən fars milliyətçiliyinin dərin etkisi altında qalmışlar. Özəlliklə qızılbaşlıq tam olaraq şüubi zehniyətin türklər tərəfindən yaşadılması anlamında olmuş və fars Səfəvi-şüubi dövləti sasaniliyin dirilişi olaraq farslara yarar sağlamışdır.
”Qaraxanlı” sözü, ”Qara Xan” və ”Qara xaqan” kəlmələrindən gəlməkdədir. ”Qara” sözü türkçədə ”ulu”, ”uca” anlamına gəlirkən ”xan” kəlməsi isə, ”hökmdar, məlik” anlamına gəlməkdədir. Buna görə Qaraxanlı ləfzi ”böyük hökmdar” anlamına gəlməkdədir.
Qaraxanlı dönəmində türk dili və ədəbiyatı çox inkişaf etmişdir. Kaşqarlı Mahmudun ”Divani-Lüğati-Türk” və Yusif Xas Hacibin ”Qutatqu bilik” kimi böyük əsərləri Qaraxanlılar dönəmində qələmə alınmışdır. Ayrıca, bir çox kitab da tarixdə qalmamışdır. Özət olaraq Qutatqu bilik üzərinə bilgi verəlim. Çünkü tarixin anlamı əslində bu mətnlərdir. Qaraxanlılar və Bayındırlılar qədər digər türk dövlətləri türkçə önəm verəsydilər günümüzdə böyük bir türk ölkəsi mövcud olacaqdı. Çünkü milləti güclü qılan onun dilidir və başqa şey deyildir. İnancın və bilginin də evi dildir.
Qutatqu bilik dörd ana karakter arasında keçən dialoqdan oluşmaqdadır. Əsərdəki bu dörd ana karakterin hər birinin bəlli sosial rolu vardır. Hər biri bəlli bir dəyəri təmsil edər. Gündoğdu hökmdardır və hüququ təmsil edər. Aydoldu vəzirdir və səadəti təmsil edər. Ögdülmüş də vəzirdir və ağılı təmsil edər. Odqurmuş isə zahiddir və aqibəti təmsil edər. Əsərin xülasəsi böylədir: Aydoldu dövlət xidmətinə girməyi çox istəməkdədir. Bir yaxını aracılığı ilə o dönəmin xas hacibi ilə tanış olur və hacib onu hökmdarın hüzuruna çıxarır. Hökmdar, Aydoldudan xoşlanır və onu özünə vəzir təyin edər. Bir sürə sonra Aydoldu ölər və geriyə tək oğlu Ögdülmüş qalır. Hökmdar Ögdülmüşün yetişməsi və eyitilməsini öz üzərinə götürər. Ağıllı və bilgili olan Ögdülmüş, hökmdarın gözünə girərək bir sürə sonra vəzir olar. Ögdülmüşü çox sevən və onu itirməkdən qorxan hökmdar, ona yardım edə biləcək və gərəkirsə onun yerini alacaq ağıllı və bilgili bir kişi daha arar. Bu zaman Ögdülmüş öz əqrəbası olan Odqurmuşu hökmdara tövsiyə edər. Hökmdar bu kişini öz xidmətinə almaq istəsə də, başarılı olamaz. Odqurmuş insanlardan uzaq bir yerdə ibadətə davam etmək istər. Daha sonra Ögdülmüş də dövlət xidmətindən çəkilib kəndini tamamən ibadətə vermək istər. Ancaq Odqurmuş buna qarşı çıxar. Hər kəsin yerində qalıb çalışmasını və topluma ən yaxşı xidmətin bu şəkildə verilə biləcəyini söylər. Bir sürə sonra Odqurmuş ölər və geridə onun müridi Qamaru qalar. Vəzirləri və Odqurmuşun öyütləri sayəsində hökmdar, yaxşı qanunlar yazaraq məmləkəti düzənə soxar. Ölkə rifaha qovuşaraq xalq mutlu bir yaşam sürər. Qutatqu bilikdə Yusif Xas Hacib bizə türk-İslam dövlətinin təməl fəlsəfəsini anlatmaqdadır. Bu fəlsəfə demokratik, laik və sosial bir hüququ dövlətidir. 10-11-ci əsrin şərtlərinə görə Qutatqu bilik çox irəli bir demokratik görüşü savunmuşdur. Demokrasi dediyimizdə dövləti yönətənlərin gücünün sınırlandırılıması anlaşılmaqdadır. Qutatqu bilikdə hökmdarın gücü törə ilə sınırlanır. Başarılı olmayan hökmdarın törə tərəfindən istənmədiyi düşünülür. Qutatqu bilikdə hökmdar Gündoğdu qanunu, yəni törəni təmsil etməsi rastlantı deyildir. Törə toplumun başıdır və hökmdar yüzillər boyunca xalqının oluşdurduğu dəyərlərə, gələnək və görənəklərə, yasalara uymaq məcburiyətindədir. Yönəticilər toplumsal dəyərlərin yansıması olan törəyə qarşı gəlməzlər, yetkiləri isə, törə ilə sınırlıdır. Törənin türk toplumunda ilahi mənşəli qəbul edilməsi, bu sınırlamanın gücünə güc qatmaqdadır. Bu inanışa görə törəyə uymayan hökmdar sadəcə bu dünyada deyil, öldükdən sonra da ərinc (hüzur) bulmayacaqdır. Böyləcə hökmdar törəni uyqulamalı və yaxşı qanunlar qoymalıdır. Bu da kəndiliyindən hüquq dövləti anlayışını doğurmaqdadır. Qutatqu bilikdə hökmdarın gücünü sınırlayan önəmli digər demokratik düşüncə isə, işin əhlinə verilməsidir. Qutatqu bilikdə yaxşı yönəticiləri bulma və dövlət xidmətinə gətirmə çox özənlə açıqlanmışdır. Hökmdarın Aydoldu və Ögdülmüşü vəzirliyə qəbul edərək yanında tutmasının, bu şəxslərlə hökmdar arasında keçən digər dövlət görəvlilərinin sahib olması gərəkən nitəliklər haqqındakı dialoqların və Odqurmuşu saraya bağlama çabasının arxasında “işin əhlinə verilməsi” məntiqi yatmaqdadır. “İşi iş bilən kimsələrə ver” düşüncəsi Qutatqu biliyin cövhəridir. Qutatqu bilikdə yönətən-yönətilən arasındakı qarşılıqlı təməl haq və yükümlülüklər sıralanmışdır. Ögdülmüş hökmdara deyir: “Xalq üzərində sənin üç haqqın var. Birincisi xalq sənin əmrinə hörmət etməlidi. İkincisi xəzinə haqqını gözətməli, bunu vaxtında ödəməlidir. Üçüncüsü sənin dostuna dost, düşməninə düşmən olmalıdır.” Yönətilənlərin də haqqı ilə bağlı Ögdülmüş hökdara söylər: “Xalqın sənin üzərində üç haqqı vardır. Bunları ödə və xalqını çətin durumda buraxma. Bunlardan biri məmləkətində gümüş təmiz qalsın, onun əyarını qoru. İkincisi xalqı adil qanunlarla yönət. Birinin digərinə üstünlüyü olmasın. Üçüncüsü bütün yolları əmin tut və yolçular güvəndə olsunlar. Yolkəsici və quldurları ortadan qaldır.” Qutatqu bilikdə ideal dövlətin bir nitəliyi də laiklikdir. Dövlət ilə din işlərinin bir-birindən ayrı olması. Qutatqu biliyin ana fikri insan yaşamında ən önəmli iki qurum olan din və dövlətin bir-birini kontrol altına almaması gərəkdiyidir. Əsərin böyük bir qismi bu qonuya həsr edilmişdir. 6645 beytdən oluşan Qutatqu biliyin 3132-ci beytindən başlayaraq son beytinə qədər din və dövlət ilişkisi tək qonu olaraq qarşımıza çıxar.[8] Qaraxanlılar dönəmində türk dilində çox önəm verilomişdir. Öylə ki, “6500 beytdən artıq olan Qutatqu bilikdə yüz civarında ərəbcə, farsca kökənli sözcük var.”[9] Yusif Xas Hacibə görə insanhəyatının anlam qazanmasında iki şeyin önəmli yeri vardır: Ağıl və bilgi. Ağıl olmayınca bilgi əldə etmək mümkün olmadığına görə ağıl hər şeydən öncə gələr. Hər türlü bilginin, yaxşılığın və ərdəmin qaynağı ağıldır.[10] Qutatqu bilik balasaqunlu Yusif Xas Hacib tərəfindən yazılaraq 1069-cu ildə Buğra Xan Haruna sunulmuşdur.[11]



[1] Zeki Velidi Togan, Umumi Türk Tariihine Giriş, İstanbul 1981, s. 58.
[3] Şocaəddin Şəfa, Min dörd yüz ildən sonra (Bə´d əz hezaro çəharsəd sal), 2-ci cild, s. 646.
[4] Divani-Lüğatit-Türk, İstanbul, 1333, I, 28.
* Güney Azərbaycanın Zəngan şəhrinə bağlı Tarım adında şəhər mövcuddur. Yuxarı və Aşağı Tarım olaraq ikiyə ayrılmış.
[5] Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 250, 251.
[6] Ergun Candan, Türkler´in Kültür Kökenleri, Sınır ötesi yayınları, İstanbul-2002, s. 297.
[7] Eyni qaynaq, s. 297-299.
[8] Nejat Dogan, Kutatgu Bilig´in devlet felsefesi, Sisyal Bilimler Enstitüsü Dergisi, sayı 12, yıl: 2002, s. 128, 129, 130, 131, 132, 136, 41.
[9] Süer Eker, Kutatku Bilig´de Türkçe İslami Terimlerin Kaynakları üzerine, Ahmet Yesevi Universitesi, Bilig dergisi, 2006-cı il, sayı 38, s. 105.
[10] Mehmet Akgün, Türklük Dünyasının 11. Asrdaki Abide eseri Kutatgu Bilig´de Akıl ve bilgi, Felsefe Dünyası Dergisi, qış-1996, sayı 19, s. 83.
[11] Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 255.

Hiç yorum yok:

Yorum Gönder